CƏMİYYƏT
Nevroloji problemlərlə bağlı mütəxəssisə müraciət edən pasiyentlərin sayında artım müşahidə olunur
Bakı, 31 avqust, AZƏRTAC
Nevroloji problemlərlə əlaqədar mütəxəssislərə müraciət edən pasiyentlərin sayında artım müşahidə olunub.
Son aylarda 2 min nəfərə yaxın insana Kliniki Tibbi Mərkəzin Nevrologiya şöbəsində ambulator xidmət göstərilib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.
AZƏRTAC Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, mərkəzin Nevrologiya şöbəsinin həkim-nevroloqu Gülarə Kazımovanın sözlərinə görə, burada əsas faktor müasir dövrdə insanların həyat tərzi ilə əlaqədardır. “Stres, əsəb, iqlim dəyişikliyi kimi hallar bu xəstəliklərin artmasına təsir edən əsas səbəblərdir. Eyni zamanda, qida rejimi də burada mühüm rol oynayır. Fastfud və digər qeyri-sağlam qidaların qəbulu, mobil telefon, texnoloji cihazlar nevroloji xəstəliklərdən əziyyət çəkənlərin sayını artırır. Sadalanan faktorlar nəinki xəstəliyin artmasına, eyni zamanda, bu xəstəliklərin cavanlaşmasına gətirib çıxarır. Əvvəllər adətən 50 yaşdan yuxarı şəxslərdə insult problemi müşahidə olunurdu. İndi isə hətta 28 yaşında belə kəskin insult xəstəliyindən əziyyət çəkən insanlar bizə müraciət edir”,- deyə həkim bildirib.
Həkim-nevroloq G.Kazımovanın sözlərinə görə, sosial mediadan aldığımız neqativ yüklü informasiyalar insanların sağlamlığına çox ciddi mənfi təsir göstərir. Nəticədə nevroloji problemlər özünü büruzə verməyə başlayır. Pasiyentlər əsasən baş və bel ağrılarından şikayət edir: “Əgər özünüzdə dərmana tabe olmayan baş və bel ağrıları, başgicəllənmə kimi hallar müşahidə edirsinizsə, dərhal nevroloqa müraciət etməyiniz tövsiyə olunur. Bəzən bu cür ağrılardan əziyyət çəkən insanlar tamamilə başqa sahənin həkimlərinə müraciət edir. Nəticədə xəstələrə düzgün müayinə və müalicə təyin olunmur. Bu isə nevroloji xəstəliklərin daha da inkişaf etməsinə səbəb olur. Bu səbəbdən də baş və bel ağrısı olan xəstələrin ilk olaraq, nevroloqlara müraciət etməsi məsləhətdir. Xəstənin vəziyyəti ağırlaşdıqda poliklinika göndərişi əsasında və ya təcili tibbi yardımla stasionar müalicəyə qəbul olunur”.