Niderland Avropa İttifaqının miqrasiya siyasətində iştirakdan imtina edəcək
Bakı, 17 may, AZƏRTAC
Niderlandın yeni hökuməti indiyə qədər ən sərt sığınacaq rejimi tətbiq etmək niyyətindədir. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə dörd siyasi partiyanın koalisiya sazişində göstərilir.
Niderlandın yeni hökuməti sığınacaq verilməsi siyasətini əhəmiyyətli dərəcədə sərtləşdirmək niyyətindədir. Mayın 16-da, cümə axşamı dərc olunan koalisiya sazişində Nazirlər Kabinetinin məqsədinin indiyə qədər ən sərt sığınacaq rejiminin yaradılması olacağı bildirilir. Söhbət sərhəd nəzarətinin sərtləşdirilməsindən və sığınacaq axtaranlar üçün daha ciddi qaydalardan gedir.
Eyni zamanda, Hert Vildersin ultrasağçı Azadlıq Partiyasının (PVV) rəhbərlik etdiyi dörd sağçı partiyanın quracağı yeni koalisiya Aİ-nin immiqrasiya qaydalarını pozmağa cəhd etmək niyyətindədir. “Avropanın sığınacaq siyasətindən çıxmaq və miqrantlarla bağlı əsasnamə ən qısa müddətdə Avropa Komissiyasına təqdim ediləcək”, - deyə sənəddə qeyd olunur.
Eyni zamanda, yeni hökumət əmək immiqrasiyasını azaltmaq və əcnəbi tələbələrin Niderland universitetlərində təhsil almaq üçün qəbulunu çətinləşdirmək niyyətindədir.
Sazişdə Niderlandın Aİ çərçivəsində konstruktiv tərəfdaş olmağa davam edəcəyi vurğulanır.
Bu arada, mayın 15-də Aİ, nisbətən təhlükəsiz ölkələrdən gələn miqrantlar üçün qaydaları sərtləşdirən geniş miqrasiya qanunvericiliyi islahatını son olaraq təsdiqləyib. O, Aİ-də qanunsuz immiqrasiyanı məhdudlaşdırmalı və qeyri-qanuni miqrasiyanın əsas axınının yönəldildiyi İtaliya, Yunanıstan və digər ölkələrə yükü azaltmalıdır.