SİYASƏT
Nigar Arpadarai: Azərbaycan Prezidentinin uzaqgörənliyi COP29-un tarixdəki yerini təmin etdi
Bakı, 25 noyabr, AZƏRTAC
Bir neçə gün əvvəl bütün dünya ictimaiyyətinin diqqəti Bakıda aparılan danışıqların nəticələrində idi. COP29-un nəticələri artıq açıqlanıb və biz fəxrlə deyə bilərik ki, Azərbaycan bu prosesdə öz tarixi missiyasını tam şəkildə yerinə yetirdi. COP29-da dünya iqtisadiyyatının gələcək illər üçün inkişaf kursunu müəyyən edəcək bir sıra mühüm qərarlar qəbul edildi. Əsas məsələ, şübhəsiz ki, yaşıl keçid üçün inkişaf etməkdə olan ölkələrə ildə 300 milyard dollar həcmində vəsaitin ayrılması qərarıdır. Bu qərar yaşıl iqtisadiyyata keçidin maliyyələşdirilməsi üçün konkret addımlarla bağlı tarixdə ən əhəmiyyətli qərarlardan biridir. Azərbaycanın COP29 kimi qlobal prosesə ev sahibliyi etməsinin səbəbi ilə bağlı Azərbaycan Prezidenti bildirmişdi: “Bu, bizim mənəvi borcumuzdur”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.
O qeyd edib ki, Azərbaycan bu missiyanı tam olaraq və vicdanla yerinə yetirdi - bütün dünya dövlətlərinin kompromis və birgə fəaliyyət planına nail olmaq və bu fəaliyyəti gücləndirmək üçün platforma yaratdı.
“Mən çox qürur duyuram ki, biz bu gün bütün dünyaya Azərbaycanın Şimal və Cənub üçün, böyük və kiçik dövlətlər üçün necə nümunə ola biləcəyini, beynəlxalq birliyinin məsuliyyətli üzvü olmasının nümunəsini göstərdik. Buna müqaviməti və təxribatı dəf etməklə nail olduq. Öz maraqları ilə idarə olunan bir sıra siyasətçilər, beynəlxalq mətbuatın bəzi nümayəndələri, Azərbaycan Sədrliyinin və beynəlxalq ictimaiyyətin səylərinə zərbə vurmağa çalışırdılar. Amma bu cəhdlər tamamilə uğursuz oldu”, - deyə Nigar Arpadarai vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın Sədrliyi ilə keçirilən COP29 ən uğurlu, yaxşı təşkil edilmiş və dinamik COP-lardan biri kimi tarixə əbədi olaraq yazılacaq: “Biz bunu dünyanın hər yerindən gələn insanlardan, ölkəmizə səfər edən prosesin iştirakçılarından eşidirik. COP29 çoxlu sayda yeniliklərlə yadda qalacaq. Özəl sektora Maliyyə, Ticarət və İnvestisiya və Turizm günləri şəklində görünməmiş platforma təqdim edilib. Rəqəmsallaşma və İnsan İnkişafı Günü ilk dəfə təşkil olundu. Dünyanın hər yerindən qeydiyyatdan keçmiş 76 mindən çox nümayəndə COP29-da iştirak imkanı əldə edərək onu tarixdə ən böyük COP-lardan birinə çevirdi. Bütün bunlar, şübhəsiz ki, dünyanın ən güclü və təcrübəli liderlərindən, diplomatlarından biri olan Azərbaycan Prezidenti İlham Əliyevin siyasi uzaqgörənliyi sayəsində mümkün oldu. Azərbaycan Sədrliyi növbəti il də fəaliyyətini davam etdirəcək”.