NİZAMİ PAŞAYEV CƏRİMƏLƏNMİŞ, QIZIL MEDALDAN MƏHRUM EDİLMİŞDİR
Azərbaycan Ağır Atletika Federasiyasının I vitse-prezidenti Vahid Nəzərov AZƏRTAC-a bildirmişdir ki, mayda Polşada keçirilən Avropa çempionatında Nizami Paşayev yerli Simon Koleçkini geridə qoyaraq ikinci dəfə qitə çempionu adını qazanmışdı. Nizamnaməyə uyğun olaraq, yarışlardan sonra Beynəlxalq Anti-dopinq Agentliyinin ekspertləri ilk üç yeri tutan idmançıların orqanizmini analiz etmiş və atletimizin qanında qadağan olunmuş maddəni aşkarlamışlar. Beynəlxalq Ağır Atletika Federasiyasının qərarı ilə Avropa çempionatının qızıl medalı Nizami Paşayevdən geri alınmış, eləcə də, o, 2400 dollar məbləğində cərimələnmiş və 2 il müddətində bütün yerli və beynəlxalq yarışlarda iştirak hüququndan məhrum olunmuşdur.
Vahid Nəzərov bunu çempionat zamanı Avropa Ağır Atletika Federasiyasının prezidenti polşalı Voldimar Bojonovskinin idmançımıza qarşı göstərdiyi qərəzli mövqeyinin nəticəsi kimi qiymətləndirir. O, buna baxmayaraq, Nizami Paşayevə böyük ümidlər bəsləndiyini, onun müntəzəm olaraq təlim-məşqlərdə iştirak etdiyini bildirmişdir. 2008-ci ilin mayında ona qarşı qoyulan qadağaların müddəti başa çatacaq və o, avqust-sentyabr aylarında Pekində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarında iştirak edəcəkdir.