Nizami rayonunda 60 mindən çox sakinin tibbi müayinələrdən keçməsi təmin edilmişdir
Bakı, 18 aprel (AZƏRTAC, Elçin Hüseynov). Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Bakının Nizami rayonunda da uğurla icra edlir.
AZƏRTAC xəbər verir ki, rayon ərazisindəki 26 nömrəli şəhər poliklinikasında sakinlərin rahat şəkildə tibbi müayinələrdən keçmələri üçün bütün lazımi şərait yaradılmışdır. Başqa günlərdə olduğu kimi, aprelin 18-də də yüzlərlə rayon sakini müasir tibbi avadanlıqlarla təchiz edilmiş bu səhiyyə ocağına gələrək tibbi müayinədən keçmişlər. Vətəndaşlarda müayinə zamanı aşkarlanmış xəstəliklərin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülmüşdür.
Poliklinikanın baş həkiminin müavini Aidə Məmmədova dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanmasına və əhalinin sağlamlığının qorunmasına xidmət etdiyini vurğulamışdır. Demişdir ki, poliklinika 66 min 307 sakinə xidmət edir. Artıq onlardan 30 mindən çoxu müayinədən keçmişdir. Müayinə olunanlardan 128 nəfər xəstəxanalara göndərilmiş, 230 nəfər isə nəzarətə götürülmüşdür. Rayon sakinlərində əsasən qan-damar, göz və şəkərli diabet xəstəlikləri müşahidə olunur. Müayinələr zamanı bir çox insanlarda vərəm və onkoloji xəstəliklər də aşkarlanmışdır. Odur ki, müayinədən keçən rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük rəğbətlə qarşılayırlar.
Poliklinikanın tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirən rayon sakini Sevil Əliyeva demişdir: “İnsanlar vaxtında həkimə müraciət etmədikdə onlarda gizli gedən xəstəliklər xroniki hala keçir. Bu da xəstəliyin müalicəsini çətinləşdirir. Dövlət başçısının bu humanist təşəbbüsü isə xəstəliklərin erkən aşkarlanmasında əvəzsizdir. İllərlə həkimə gəlməyənlər bu aksiya çərçivəsində öz sağlamlıqları haqqında məlumat əldə edirlər. Bu imkanı bizə yaratdığına görə Prezident İlham Əliyevə minnətdarıq”.
Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini mütəmadi davam etdirir. Görülən işlər icra hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Komissiyanın gördüyü tədbirlər rayon sakinlərinin tibbi müayinə aksiyasında mütəşəkkilliyini təmin etmişdir. İndiyədək rayon üzrə 60 mindən çox sakinin müayinələrdən keçməsi təmin olunmuşdur. Onlardan 2 min 905 nəfərə ambulator, 221 nəfərə isə stasionar müalicə kursu təyin edilmişdir.