İQTİSADİYYAT
Nizami rayonunda Tofiq Abbasov küçəsi təmir edilib VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Nizami rayonunda Tofiq Abbasov küçəsi əsaslı təmir olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri küçənin Azər Manafov və Əli Vəliyev küçələri arasında yerləşən 640 metrlik hissəsində aparılıb. Sözügedən küçənin təmir olunan hissəsinin eni ortalama 9 metr təşkil edir.
Təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi, mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi işləri görülüb. Təmir işləri 8 min kvadratmetrə yaxın sahəni əhatə edib.
Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin xüsusi parking yerləri ilə təmin olunaraq müasir görkəmdə istifadəyə verilib.
Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 kilometr təşkil edən 9 küçə təmir edilir.
Xatırladaq ki, agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5,5 kilometr təşkil edən 7 küçə təmir olunub.