NORVEÇ KRALLIĞI AZƏRBAYCANLA HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIQ NİYYƏTİNDƏDİR
Dekabrin 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Steynar Gili, Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hans Vilhelm Lonqvanı və hərbi attaşesi polkovnik Roar Lauqerudu qəbul etmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə müdafiə naziri Səfər Əbiyev Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında iqtisadi əlaqələrin yaxşı vəziyyətdə olduğunu xatırladaraq, hərbi sahədə də əməkdaşlıq etməyin vaxtı çatdığını vurğulamışdır.
Müdafiə nazirinin fikirləri ilə razılaşan səfir S.Gil demişdir ki, hərbi sahədə əməkdaşlığın təşkili yaxın gələcəyin işidir və onlar görüşə elə bu məqsədlə gəlmişlər.
Polkovnik R.Lauqerud bildirmişdir ki, o, Norveç Krallığının Türkiyə Respublikasındakı ilk hərbi attaşesidir və Azərbaycanda da Norveçin hərbi attaşeliyinin yaradılması niyyəti ilə buradakı şəraitlə tanış olmaq arzusundadır. O, ətraflı məlumat verdikdən sonra, Norveç Krallığının müdafiə naziri bu barədə qərar qəbul edəcəkdir.
Sonra general-polkovnik S.Əbiyev qonaqları Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyətlə tanış etmiş, Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi və nəticələrindən danışmışdır. O demişdir: “Ermənistan işğalçı, terrorçu və separatçılığı dəstəkləyən dövlətdir. Ermənistan-Azərbaycan münaqişəsinə bəzi dövlətlərin ikili standartlarla yanaşması bu məsələnin həllini uzadır və döyüş əməliyyatlarının yenidən başlanması təhlükəsini gerçəkləşdirir. Biz Hesab edirik ki, Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmək məsələsində birmənalı şəkildə təzyiq göstərilməlidir”.
Müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində bu qurumla, habelə dünyanın bir sıra dövlətləri ilə ikitərəfli hərbi əməkdaşlığı Azərbaycan əsgərlərinin beynəlxalq sülhyaratma əməliyyatlarında iştirakı, ordumuzun quruluşu və tərkibi haqqında qonaqlara ətraflı məlumat vermiş, qonaqları maraqlandıran sualları cavablandırmışdır.