Növbəti “Açıq mikrofon” aksiyası Gədəbəyin Dərəqumlu kəndində təşkil olunub
Bakı, 4 noyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası mürəkkəb relyef şəraitində yerləşən Gədəbəy rayonunun Dərəqumlu kəndinin yeni yaşayış massivində baş tutub.
İB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə “Azəriqaz” İB-nin və Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər. Kənd sakinləri Dərəqumlu kəndinin qazlaşdırılması işlərinin başa çatdığını, lakin sonradan salınan, ucqar ərazidə yerləşən, qış aylarının daha sərt keçdiyi bu yeni yaşayış massivində təbii qazın olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Vətəndaşlar səyyar qəbul otağının imkanlarından istifadə edərək 30 fərdi yaşayış evi olan massivin təbii qazla təmin olunmasını xahiş ediblər. Ünvanlanan problem və təkliflərin Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunması üçün bütün müraciətlər qeydə alınıb.
Qeyd edək ki, Gədəbəy rayonunda 109 yaşayış massivi var ki, bunlardan 71-i mavi yanacaqla təmin olunub.