TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub
Şuşa, 13 iyun, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı (TDT) Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumunun keçirilməsi Türk dünyasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm mərhələdir. Bu əlamətdar hadisənin Şuşa şəhərində baş tutması çox rəmzidir və birgə strateji baxışlarımızı əks etdirir. Bu tədbirlərin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin TDT-yə sədrlik etdiyi dövrdə baş tutması da əlamətdar bir hadisədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov deyib.
Elnur Bağırov bildirib ki, tədbir zamanı birgə tərəfdaşlığın genişləndirilməsi, təcrübə və data mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub: “İclasın nəticəsi olaraq birgə kommünike qəbul olundu. Kommünikedə strateji fəaliyyət prioritetləri və gələcək addımlar əksini tapıb. Bugünkü iclas zamanı qurumlarımız arasında bir sektoral araşdırmanın və əlavə olaraq rəqabət mövzuları üzrə üç işçi qrupun yaradılması ilə bağlı razılıq əldə edilib. Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi kimi strateji tərəfdaşlığımıza tam dəstək verəcəyik” – deyə Elnur Bağırov bildirib.
Müxbir – Tahir Ağaməmmədov