Növbəti hərracda 21 dövlət əmlakı özəlləşdirilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 1 obyekt, 20 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 96 sifariş qəbul edilib, bunun 5-i elektron qaydada həyata keçirilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, özəlləşdirilən obyekt Bakının Qaradağ rayonunda yerləşən “Şadlıq evi”dir. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlak 39 min manata satılıb.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara onlayn şəkildə qatılmaq imkanları iştirakı daha da sadələşdirilib. Bu isə hərrac iştirakçılarının sayında artıma səbəb olur. Hərracların əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir.
Budəfəki hərracda nəqliyyat vasitələrinə maraq böyük olub. Belə ki, ilkin satış qiyməti 6500 manat olan “Nissan Sunny” markalı avtomobilə edilən son təklif 10 min 650 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 10 min manat olan “Kia Sorento” markalı nəqliyyat vasitəsi 15 min manata satılıb.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: https://clck.ru/sKmjK
Məlumat üçün bildiririk ki, növbəti hərraclar noyabrın 15-i və 22-də keçiriləcək. Hərraclara 6 səhmdar cəmiyyətin səhm paketi, 25 kiçik dövlət müəssisəsi və obyekti, 73 nəqliyyat vasitəsi çıxarılacaq.