Novruz bayramı ərəfəsində Nəsimi rayonunda “Abad həyət” istifadəyə verilib
Bakı, 15 mart, AZƏRTAC
Nəsimi rayonunda əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün parklarda və binaların həyətlərində yeni oturacaqlar qoyulur, söhbətgahlar düzəldilir, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.
AZƏRTAC xəbər verir ki, rayondakı N. Seyidbəyli küçəsində Novruz bayramı ərəfəsində növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib.
Məhəllədəki binaların fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilib, binaların blok girişləri, qapı və pəncərələri yenilənib. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün lazımi şərait yaradılıb, uşaqların əylənməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılıb. Abadlaşdırılan həyətin sakinləri və təbiətsevər gənclərin iştirakı ilə ərazidə ağacəkmə aksiyası həyata keçirilib.
Abadlıq və quruculuq işləri çərçivəsində 2-ci mikrorayon yaşayış sahəsində H.Seyidzadə küçəsi 2, 5, 15, 35 və 37 ünvanlarında da geniş abadlıq işləri aparılır.