Novruz bayramı Yunanıstanda qeyd edilib


Afina, 19 mart, AZƏRTAC
Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən Novruz bayramı münasibətilə tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yunanıstanda yaşayan Azərbaycan diaspor nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Anar Huseynov diaspor nümayəndələrini və səfirlik əməkdaşlarını Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdıraraq bu bayramın özündə ümumbəşəri dəyərləri, xalqımızın çoxəsrlik ənənələrini, milli-mənəvi irsə bağlılığını tərənnüm etdirdiyini bildirib. Qeyd olunub ki, bahar fəslinin carçısı olan Novruz şənliklərinin hər il ölkə səviyyəsində təntənəli şəkildə keçirilməsi gündən-günə çiçəklənən ölkəmizdə xalqımızın öz ənənələrinə sadiqliyinin bariz nümunəsidir.
Vurğulanıb ki, dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi olan Novruz bayramı xaricdə yaşayan soydaşlarımızın bağlılıq hisslərini gücləndirir və ölkəmizin milli maraqları baxımından birgə fəaliyyətlərini daha da təşviq edir. Daha sonra yunan rəqqaslar tərəfindən Azərbaycan milli rəqsləri “Sarı gəlin”, “Gənclik”, “İncəlik”, “Naz eləmə”, “Uzundərə” və “Ləzginka”ndan ibarət rəqslər nümayiş olunub. Azərbaycan musiqisinin sədaları altında tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin ləziz yeməkləri və Novruz şirniyyatları (şəkərbura, paxlava) təqdim olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina