O gün uzaqda deyil...
Bakı, 8 may, AZƏRTAC
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.
Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, Pirallahı rayonunun idarə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin əsgərləri, orta məktəb şagirdləri, KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdən əvvəl vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli öz çıxışında qeyd edib ki, Şuşanın işğalı zamanı erməni vandalları buradakı minlərlə eksponatı olan muzeyləri talan edib, yüzlərlə tarixi abidəni dağıdıb, müqəddəs məbədgah və məscidləri təhqirlərə məruz qoyub, çox sayda nadir əlyazma nümunələrini məhv edib, təhsil və səhiyyə ocaqlarını xarabazarlığa çeviriblər. Şuşa şəhərində yaşayan 24 900 nəfər əhali işğaldan sonra məcburi köçkünlərə çevrilib.
Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlardan danışan A.Hacıbəyli Ordumuzun hər an işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə qadir olduğunu bildirib. O, düşmən tapdağı altındakı bütün torpaqlarımızın, o cümlədən Şuşanın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını vurğulayıb.
Rəsmi hissədən sonra tədbir Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Əsgər papağı” adlı tamaşa ilə davam etdirilib.