Oğuz rayonunun 25 yaşayış məntəqəsi təbii qazla təmin olunub
Oğuz, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində son illər ölkə rəhbərliyi tərəfindən davamlı tədbirlər həyata keçirilir. İstehlakçıların təbii qaza olan təlabatını tam ödəmək məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur, qaz infrastrukturundakı mövcud problemlər intensiv surətdə aradan qaldırılır.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev ölkə üzrə qazlaşdırmanın səviyyəsinin 96 faiz olduğunu vurğulayaraq deyib: “2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi, rayonlarda ümumiyyətlə qaz yox idi. Hazırda bu rəqəm 96 faizə çatıbdır. Elə rayon yoxdur ki, orada qaz olmasın. Elə rayon yoxdur ki, orada qazlaşdırma təqribən 70 faizdən aşağı olsun”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası olaraq, son illər digər rayonlar kimi, Oğuzun yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması məqsədilə zəruri işlər görülüb. Rayon icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən verilən məlumata görə, son 5 ildə Oğuzun 13 yaşayış məntəqəsi qazlaşdırılıb, 3696 abonent təbii qazla təmin olunub. Qazlaşdırma nəticəsində bu kəndlərdə yaşayan 21 min nəfərədək əhalinin məişət problemləri öz həllini tapıb. Hazırda rayonun 33 yaşayış məntəqəsindən 25-nin əhalisi “mavi yanacaq”dan istifadə edir. Əhali abonentləri üzrə qazlaşma 77 faizə yaxındır.
Qurumdan bildiriblər ki, hazırda rayonun 8 yaşayış məntəqəsi qazlaşdırılmayıb. Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası olaraq, növbəti illərdə bu kəndlərin də mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulur.