OĞUZDA DÖVLƏT QULLUQÇULARI GÜNÜ İLƏ BAĞLI TOPLANTI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 23-də Oğuz Rayon İcra Hakimiyyətində Dövlət qulluqçuları günü ilə əlaqədar toplantı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsini ziyarət etmişlər.
Toplantını rayon icra hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski açaraq dövlət qulluqçularını bayram münasibətilə təbrik etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il mayın 25-də imzaladığı Sərəncamla hər il iyunun 23-nün respublikamızda Dövlət qulluqçuları günü kimi geniş qeyd olunduğunu nəzərə çatdırmışdır.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Cumar İsayevin “23 iyun Dövlət qulluqçuları günüdür” mövzusunda məruzəsi dinlənilmişdir. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirən məruzəçi həyatımızın bütün sahələrində olduğu kimi, dövlət qulluqçularının təşkili prosesinin də ulu öndərin adı və fəaliyyəti ilə sıx bağlı olduğunu bildirmişdir. Heydər Əliyevin 34 illik rəhbərliyi dövründə dövlət idarəçiliyi üçün peşəkar kadrların hazırlanması və formalaşdırılması məsələsinin həmişə ön planda olduğunu bildirən məruzəçi ulu öndərin kadrların düzgün yerləşdirilməsinə, dövlət orqanlarında çalışanların yüksək keyfiyyətə malik olmasına daim böyük diqqət yetirdiyini xüsusi vurğulamışdır.
Tədbirin sonunda rayonun dövlət qulluqçuları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur. Müraciət bu sözlərlə bitir: “Oğuzun dövlət qulluqçuları ulu öndərimiz Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yaxşılaşması üçün öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövlətin məmurları adını daim yüksək tutacaq, dövlətimizə və xalqımıza vicdanla, namusla qulluq edəcəklər”.