Oğuzlu gənclər bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər
Oğuz, 1 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər. Ölkəmizdə gənclər siyasəti artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Azərbaycan Gəncləri Günü münasibətilə Oğuz rayonunda keçirilən bayram tədbirində səsləndirilib.
Rayonun fəal gəncləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək, oğuzlu gənclərin 2019-cu ildə dövlət quruculuğu, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə qazandıqları uğurlar barədə danışıb.
Gəncləri əlamətdar bayram münasibətilə təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıb, dövlətin gənclərə qayğısından bəhs edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladıqları fərman və sərəncamlar, qəbul edilən dövlət proqramları yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar açır.
Maraqlı konsert proqramı ilə davam edən tədbirin sonunda rayonun ictimai-siyasi, təhsil, idman və mədəni həyatında fərqlənən fəal gənclər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.