Oğuzun mədəniyyət işçiləri şəhid Elşən Əhmədlinin xatirəsini anıblar
Oğuz, 17 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Oğuz rayonundan olan Elşən Əhmədlidir.
Şəki Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Elşənin şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar regional idarənin Oğuz rayonu üzrə nümayəndəsi Elvin Qarayev və rayonun mədəni-maarif müəssisələrinin rəhbərləri Oğuz şəhərindəki Şəhidlər xiyabanına gələrək onun, həmçinin burada uyuyan digər şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Elşən Əhmədlinin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb, şəhidlərin əziz xatirəsinin heç bir zaman unudulmayacağı vurğulanıb.
Elşən Əhmədli 1997-ci il iyulun 11-də Oğuz rayonunda anadan olub. O, 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində bakalavr təhsili alıb. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan snayperçi Elşən Əhmədli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. O, noyabrın 17-də Oğuz Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Elşən Əhmədli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.