Ölkə əhalisinin sayının 10 milyona çatması münasibətilə İsmayıllıda bayram konserti təşkil edilib
İsmayıllı, 9 aprel, AZƏRTAC
İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşının dünyaya gəlişi münasibətlə təntənəli tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təntənəli tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Mail Səftərov, şəhər 3 saylı məktəb-liseyin coğrafiya müəllimi Əminə Ağayeva əhalinin sayının 10 milyona çatması münasibətilə ismayıllıları təbrik ediblər.
Sonda bayram konserti olub, Vətənə, xalqa həsr olunan mahnılar ifa edilib, şeirlər söylənilib.
Qeyd edək ki, on milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Əbülhəsən Ələkbərzadə küçəsində kiçik park salınması üçün ərazi ayrılıb, burada ağaclar əkilib.