REGİONLAR
ÖLKƏMİZDƏ ÜZÜMÇÜLÜK DİRÇƏLDİLİR
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev AZƏRTAC-a bildirmişdir ki, ölkədə şərab və spirtli içki istehsalı ilə məşğul olan 40-a yaxın şirkət vardır. Onların hamısı müvafiq lisenziya almışdır. Vaxtilə Azərbaycanda 210 şərab zavodu var idi və onların əksəriyyəti yüksək mükafatlara layiq görülmüşdü. İndi isə qırx müəssisədən yalnız ikisinin istehsal etdiyi məhsullar bir sıra beynəlxalq dequstasiyalarda mühüm yerlərə layiq görülmüşlər.
Şərab istehsalında xammal kimi əsasən üzümdən istifadə edildiyini nəzərə alsaq, bunun üçün Azərbaycanda münbit şərait vardır. Azərbaycan tarixən üzümçülüklə məşğul olan bir ölkədir. Yeri gəlmişkən, üzümçülüyün ən yaxşı inkişaf dövrü ötən əsrin 70-80-cı illərinə təsadüf edir. O vaxt üzüm istehsalı ildə 2 milyon 100 min tona çatmışdı. Hazırda ölkədə üzümçülük sahəsi yenidən dirçəlməkdədir. Vaxtilə sovet rəhbərliyinin yanlış qərarı üzündən məhv edilmiş üzümlüklər bərpa olunur, yeni növlər yetişdirilir. Üzüm əsasən Şamaxı, Cəlilabad, Tovuz, Qazax rayonlarında becərilir. Üzümçülükdə artım ilbəil hiss edilməkdədir. Belə ki, keçən il bu rəqəm 103 min ton idisə, bu il 200 min tondan artıq məhsul yığılacağı gözlənilir.