ÖLKƏMİZİN BAŞÇISININ GƏDƏBƏYƏ TARİXİ SƏFƏRİNDƏN SONRA RAYON YENİ İNKİŞAF YOLUNA ÇIXMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gədəbəydə 2007-ci ilin yekunları və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmışdir.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklil qoymuşlar.
Müşavirədə rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadənin hesabat məruzəsi dinlənilərək müzakirə edilmişdir.
Müharibə və əmək veteranı İkram Məmmədov, Gərgər kənd orta məktəbinin direktoru Qabil Allahverdiyev, Slavyanka kənd bələdiyyəsinin sədri Firudin Məmmədov, Zəhmət kənd musiqi məktəbinin direktoru Təranə Şərifova, İvanovka kənd sakini Aleksey Ştukin və başqaları müzakirələrdə çıxış edərək keçən il görülən işlərə münasibətlərini bildirmişlər.
Məruzə və çıxışlarda deyilmişdir ki, respublika Prezidenti İlham Əliyevin 2006-cı ilin noyabr ayında Gədəbəyə tarixi səfəri rayonun inkişafında yeni mərhələ açmışdır. Bütün sahələrdə görünməmiş inkişafa nail olunmuşdur. Bu inkişafın nəticəsidir ki, keçən il rayonda ümumdaxili məhsul istehsalının həcmi əvvəlki illə müqayisədə 16 milyon 684 min manat çox olmuşdur. Rayon üzrə orta aylıq əmək haqqı 2006-cı ildəki 85,8 manatdan 2007-ci ildə 136 manata çatmışdır.
Gədəbəyin tarixinə tikinti və quruculuq ili kimi daxil olmuş 2007-ci ildə 170-dən artıq sosial obyekt tikilmişdir. 2 böyük mədəniyyət və istirahət parkı, 27 orta məktəb, 2 körpü, 3 xəstəxana və bir həkim ambulatoriyası, 1 diaqnostika mərkəzi, 1 feldşer-mama məntəqəsi, 1 idman kompleksi, 1 uşaq bağçası istifadəyə verilmişdir. Sosial müdafiə mərkəzi üçün inzibati binada, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 24 mənzilli yaşayış binasında tamamlama işləri görülür. Hesabat dövründə rayonun tikinti-quruculuq işlərinə 570,7 min manat vəsait sərf olunmuşdur. Bu, əvvəlki illərdən 5-6 dəfə çoxdur.
Zəngin təbii sərvətlərə malik Gədəbəydə keçən il kənd təsərrüfatı da dinamik şəkildə inkişaf etmişdir. Belə ki, respublika rəhbərliyinin qayğısı ilə rayonda 2408 fermerə əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsindən 61601,20 manat yardım verilmişdir. Yaradılan şəraitdən bəhrələnən torpaq sahibləri 195760 ton kartof, 4200 ton taxıl, 5281 ton ət, 24740 ton süd istehsal etmişlər. Bu, 2006-cı ildəkindən xeyli çoxdur. İstehsal olunan məhsulların bir hissəsi Bakıda təşkil olunmuş kənd təsərrüfatı məhsulları yarmarkalarında paytaxt sakinlərinə satılmışdır.
Müşavirədə son 4 ildə rayonun təhsil sistemində aparılan yenidənqurma işlərindən də söz açılmışdır. Bildirilmişdir ki, qısa vaxt ərzində bu sahədə uzun illərdən bəri yığılıb qalmış problemlər, demək olar, həll edilmişdir. Bu müddətdə rayonda 27 yeni məktəb binası tikilmiş, 55-i əsaslı təmir edilmişdir. Təkcə 2007-ci ildə 10 məktəb təmir edilmiş, Ağamalı və Əmiraslanlı kənd orta məktəblərinin hər birində 4 əlavə sinif otağı tikilmişdir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində keçən il Sarıhəsənli kəndində 140 yerlik, Slavyanka kəndində isə 240 yerlik orta məktəb binaları tikilərək istifadəyə verilmişdir.
Əhaliyə səhiyyə xidmətindən danışan natiqlər demişlər ki, keçən il tibb müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək istiqamətində xeyli iş görülmüşdür. Mərkəzi rayon xəstəxanasının 2-ci korpusu, Düz Rəsullu kəndində həkim ambulatoriyası tikilib müasir avadanlıqla təchiz edilmişdir. Rüstəm Əliyev kənd sahə xəstəxanası və Gərgər feldşer-mama məntəqəsi əsaslı təmir edilmişdir.
Əhalinin sabit elektrik enerjisi və təbii qazla təminatında həyata keçirilən tədbirlərdən də söz açılmışdır. Qeyd olunmuşdur ki, 2007-ci ildə rayonun yaşayış məntəqələrində 5 transformator istifadəyə verilmiş, 1500 metrə yaxın köhnə naqillər yenisi ilə əvəz edilmişdir. Sayğaclaşdırma başa çatdıqdan sonra rayon elektrik enerjisi ilə fasiləsiz təmin olunmuşdur. İşlədilən enerji haqlarının yığımı 100 faizə çatdırılmışdır. Kəndlərin qazlaşdırılması da uğurla davam etdirilir. Keçən il Xarxar kəndinə təbii yanacaq verilmiş, 273 abonentin hamısı sayğacla təmin olunmuşdur. Zəhmətkənd, Daşbulaq və Yenikənd kəndlərində isə bərpa işləri aparılmışdır.
Müşavirədə respublika vergilər naziri Fazil Məmmədov çıxış edərək keçən il respublikamızda qazanılmış uğurları təhlil etmiş, hər bir Azərbaycan vətəndaşının güzəranının yaxşılaşdırılması istiqamətində ölkə başçısının həyata keçirdiyi tədbirlərdən və 2008-ci ildə həlli vacib məsələlərdən danışmışdır.
Müşavirə iştirakçıları adından respublika Prezidenti İlham Əliyevə müraciət ünvanlanmışdır.
Müşavirədə Prezidentin İcra Aparatının məsul əməkdaşı Habil Əzənmədov iştirak etmişdir.