Ölkəmizin hərtərəfli inkişafında gənclərin rolu danılmazdır
Şəki-Zaqatala bölgəsi, 31 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasında gənclərlə iş sahəsinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştiraka cəlb olunması, onların istək, rəy və təkliflərinə böyük önəm verilməsi dövlətin gənclərə qayğısının, bu yöndə apardığı siyasətin bariz nümunəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 2 fevral - Azərbaycan Gəncləri Günü Şəki-Zaqatala bölgəsi rayonlarında da silsilə tədbirlərlə qeyd olunur.
Əlamətdar gün münasibətilə yanvarın 31-də Qax şəhərində keçirilən toplantının iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək, 2018-ci ilin Qax gəncləri üçün əlamətdar və yaddaqalan olduğunu bildirib, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Bildirilib ki, qaxlı gənclər bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Bu da təsadüfi deyildir. Onlar 2018-ci ildə rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirib, təhsil, idman, incəsənət və digər sahələrdə yüksək uğurlar qazanıb, milli-mənəvi dəyərlərimizin qorunmasına öz layiqli töhfələrini veriblər.
Vurğulanıb ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Gənclik öz həyatını qurarkən, ilk növbədə, müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Gəncləri əlamətdar bayram münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladıqları fərman və sərəncamların, qəbul edilən dövlət proqramlarının yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar açdığını bildirib.
Toplantıda çıxış edənlər ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar.
Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.
X X X
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi həyatın bütün sahələrində öz fəallıqları ilə seçilirlər. Ölkəmizdə gənclər siyasəti artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.
Bu fikirlər 2 fevral - Gənclər Günü münasibətilə Şəki şəhərində keçirilən toplantıda şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərovun çıxışında səsləndirilib.
Şəkinin paytaxt Bakıdan sonra gənclərin ən çox təşkilatlandığı şəhərlərdən biri olduğunu vurğulayan idarə rəisi hazırda Şəkidə gənclərlə iş sahəsi ilə bağlı 8 qeyri-hökumət təşkilatının, 22 klubun, həmçinin ictimai birliklərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirilib ki, 2018-ci il Şəki idmançıları üçün də uğurlu olub. Belə ki, şəkili idmançılar ötən il beynəlxalq və respublika səviyyəli yarışlarda 150 medal qazanıblar. Medallardan 52-si qızıl, 52-si gümüş, 46-sı isə bürünc əyarlı olub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədi daşıyır.
Tədbirin sonunda 2018-ci ildə rayonun ictimai-siyasi həyatında, yarış və müsabiqələrdə fərqlənənlərə, həmçinin müxtəlif nominasiyalar üzrə “İlin qalibi” adına layiq görülən gənclərə mükafatlar təqdim olunub.
X X X
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 2 fevral - Azərbaycan Gəncləri Günü Qəbələ rayonunda da rəngarəng tədbirlərlə qeyd olunur.
Əlamətdar gün münasibətilə yanvarın 31-də Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində gənclərin ümumrayon toplantısı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon rəhbərliyi və fəal gənclərin iştirak etdiyi tədbirdə gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, Azərbaycanda dövlət gənclər siyasətinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, hazırda bu siyasətin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasəti sahəsində qəbul edilən normativ hüquqi aktlar, gənclərin ümumrespublika forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarının və icra mexanizmlərinin müəyyən edilməsində mühüm rol oynayıb.
Toplantıda rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək, Azərbaycanda dövlət gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu bayramın gənclərə Ulu Öndər tərəfindən ərməğan olunduğunu vurğulayıb.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər mükafatlandırılıblar.
X X X
Balakənli gənclər 2 fevral - Azərbaycan Gəncləri Gününü böyük ruh yüksəkliyi ilə qeyd ediblər.
Əlamətdar gün münasibətilə yanvarın 31-də YAP Balakən rayon təşkilatının inzibati binasında toplantı keçirilib.
Fəal gənclərin, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov balakənli gənclərin təhsil, idman, incəsənət və digər sahələrdə qazandıqları uğurlar barədə danışıb. Bildirilib ki, ölkəmizdə gənclərlə iş sahəsinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir.
Gəncləri əlamətdar gün münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ümummilli lider Heydər Əliyevin öz siyasətində gələcəyimiz olan gənclərə daim böyük önəm verdiyini bildirib, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclərin hərtərəfli inkişafı üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb. İctimai həyatda gənclərin fəallığının daha da artırılmasının vacibliyi xüsusi vurğulanıb.
Tədbirin sonunda 2018-ci ildə ayrı-ayrı sahələr üzrə yüksək nailiyyətlər qazanan gənclərə rayon gənclər və idman idarəsinin diplom və hədiyyələri təqdim edilib.