Ölkəmizin inkişaf strategiyası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib
Kəngərli, 16 iyun, AZƏRTAC
Ölkəmizin inkişaf strategiyası ulu öndər Heydər Əliyev tərəfindən işlənilib. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi amili dayanır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının partiyanın Naxçıvan Dövlət Universiteti şəhərciyi ərazi ilk təşkilatı ilə birgə keçirdiyi “Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən Zəfər tarixi” mövzusunda tədbirdə səsləndirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsində ucalan abidəsinin önünə tər güllər düzüblər.
Kəngərli Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva bildirib ki, ulu öndər Heydər Əliyevin uzaqgörənlik və müdrikliklə müəyyənləşdirdiyi quruculuq və inkişaf siyasətinin qədim diyarda ardıcıl həyata keçirilməsi nəticəsində muxtar respublikanın hər bir bölgəsi, o cümlədən Kəngərli rayonu yüksək inkişaf səviyyəsinə çatıb. Muxtar respublikada aparılan quruculuq tədbirləri çərçivəsində Kəngərlidə görülən işlər rayonun simasını tamamilə dəyişib, onun görünüşünə müasirlik gətirib. Ötən dövrdə əldə olunan nailiyyətlər, burada müxtəlif sənaye və kənd təsərrüfatı istehsalı sahələrinin yaradılması, təhsil və infrastruktur quruculuğu seçilən düzgün yolun bariz nümunəsi kimi diqqəti cəlb edir.
Sonra Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Arzu Abdullayevin və ali təhsil ocağının Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyevin məruzələri dinlənilib. Məruzələrdə vurğulanıb ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş - Azərbaycanlı kimi əbədi həkk olunub, əsrlər boyu qalacaq və hər zaman dərin hörmətlə, ehtiramla anılacaqdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının gənc əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib. Universitet tələbələrinin Milli Qurtuluş Gününə həsr etdikləri bədii kompozisiya və Kəngərli rayon məktəblilərinin bədii qiraəti maraqla qarşılanıb.
Sonda Ulu Öndərimizin mənalı ömür yolu və zəngin siyasi fəaliyyətini əks etdirən film izlənilib.