Ombudsman Aparatında Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib
Bakı, 15 iyul (AZƏRTAC). Ölkəmizdə səfərdə olan Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında olub.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nümayəndə heyətinin üzvü Adrien Kollin səfərin məqsədindən danışmış, fəaliyyətlərinin media mühiti, jurnalistlərin əmək və təhlükəsizlik şəraiti barədə araşdırmalar aparılmasına yönəldiyini diqqətə çatdırıb.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqlara son illər ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı, söz və ifadə azadlığının ilə bağlı görülən işlər haqqında məlumat verib.
Qonaqlar Ombudsmanın mandatı, səlahiyyətləri barədə də məlumatlandırılıblar.
Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində” Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi və monitorinqi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərliyin ombudsmana tövsiyə edildiyi, müvəkkilin təşəbbüsü ilə ölkənin hər bir rayonunda deputatların, yerli icra hakimiyyəti, məhkəmə və hüquq mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT, KİV və icma nümayəndələrinin iştirakı ilə ictimai dinləmələrin keçirildiyi nümayəndə heyətinin diqqətinə çatdırılıb. Eyni zamanda, Proqramda KİV üçün fikir və ifadə azadlıqlarının həyata keçirilməsi ilə bağlı təlimlərin təşkil edilməsinin nəzərdə tutulduğu, ötən müddətdə bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyi qeyd olunub. Habelə Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edildiyi, elektron hökumətə keçidlə bağlı mühüm addımların atıldığı vurğulanıb.
Görüşdə qonaqların media hüquqları, o cümlədən jurnalistlərin əmək hüquqlarının müdafiəsi, müvafiq həmkarlar ittifaqları ilə iş və digər mövzularla bağlı sualları cavablandırılıb.
Sonda nümayəndə heyətinin üzvlərinə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində” Milli Fəaliyyət Proqramının nüsxələri və müvəkkilin illik məruzələrindən ibarət disk təqdim edilib.