OMBUDSMAN APARATINDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
İyulun 16-da Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Aparatında “İctimaiyyətlə əlaqələr: Bütün yollar KİV-dən keçir” mövzusunda dəyirmi masa keçirilmişdir. Ombudsman Elmira Süleymanova tədbiri açaraq mediya nümayəndələrini qarşıdan gələn 22 iyul--Milli Mətbuat günü münasibəti ilə təbrik etmiş, təsisatın fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O, demişdir ki, ölkəmizdə hüquqi dövlətin əlamətlərindən olan insan hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə yaradılmış Ombudsman təsisatı öz fəaliyyətində ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrə mühüm yer vermişdir. Qurum fəaliyyət göstərdiyi bir il ərzində dəfələrlə mətbuat konfransları, brifinqlər, təlim kursları keçirmişdir. Mətbuatın köməyi ilə bir sıra çətin problemlər öz həllini tapmışdır. Sonra Aparatın mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli “Ombudsman təsisatının ictimaiyyətlə və mass-mediya ilə əlaqələri” mövzusunda məruzə etmişdir. O, demişdir ki, Ombudsman təsisatı fəaliyyətə başladığı ilk gündən mətbuatla sıx əməkdaşlıq etmişdir. Təsisatın fəaliyyəti ilə bağlı bu günə qədər müxtəlif qəzet və jurnallarda 485 məqalə dərc olunmuş, televiziya və radiolarda dəfələrlə verilişlər göstərilmiş və səsləndirilmişdir. İnsan haqları mövzusunda keçirilmiş müsabiqənin 6 ən yaxşı məqalə müəllifi Aparat tərəfindən sertifikat və pul mükafatına layiq görülmüşlər. Ümumdünya Mətbuat Azadlığı günü, 22 iyul - Milli Mətbuat günü münasibəti ilə mediya nümayəndələrinə, həmçinin “Hüquq mövzusunda yazan ən yaxşı jurnalist” müsabiqəsinin qaliblərinə təbrik məktubu ünvanlanmışdır. Müzakirələr zamanı Ombudsman təsisatının fəaliyyətinin işıqlandırılmasında, problemlərin həllində mühüm rol oynayan KİV ilə əlaqələrin bu gündən sonra da inkişaf etdirilməsinin vacibliyi xüsusi qeyd olunmuşdur. Sonda Elmira Süleymanova jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.