Ombudsman: Azərbaycanda qadın hüquqlarının təmini və müdafiəsində hüquqi maarifləndirməyə böyük diqqət yetirilir
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Mərkəzi Asiyada geniş dialoq: Risk altında olan qadınlar və qızlar: səbəblərin aradan qaldırılması və yardımın göstərilməsi. Ədalətə çıxışın gücləndirilməsi” mövzusunda Qazaxıstanda hibrid formatda keçirilən konfransda onlayn şəkildə iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda çıxış edən Səbinə Əliyeva qadınlara qarşı zorakılığın bütün dünyada insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri kimi qəbul edildiyini bildirərək, bununla mübarizədə birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
S.Əliyeva Azərbaycanda qadın hüquqlarının təmini və müdafiəsi, sahəsində kompleks işlərin həyata keçirildiyini və gender bərabərliyinin təşviqinə, eyni zamanda, bu sahədə hüquqi maarifləndirməyə böyük diqqət yetirildiyini bildirib.
Qeyd olunub ki, qadınların ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakı üçün maarifləndirmə işlərinə, xüsusən də qadınlar arasında sahibkarlıq fəaliyyətinin və özünüməşğulluğun stimullaşdırılması böyük əhəmiyyət daşıyır.
25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı bütün dünya ölkələri, o cümlədən Azərbaycanda müxtəlif maarifləndirmə tədbirlərinin təşkil olunduğunu bildirən ombudsman hər il noyabrın 25-dən dekabrın 10-dək davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasında müvafiq dövlət qurumları ilə birgə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Konfransın yekununda mövzu ilə bağlı müzakirələr aparılıb.