OMBUDSMAN CƏNUB BÖLGƏSİNDƏ İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Prezident İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı» ilə bağlı cənub bölgəsində ictimai dinləmələr keçirmişdir.
Astara Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə rayon icra hakimiyyətinin, bələdiyyələrin, məhkəmələrin, prokurorluğun, daxili işlər şöbəsinin, dairə seçki komissiyalarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Toplantıda Ombudsman Elmira Süleymanova çıxış edərək «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Plan»nın icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, insan hüquq və azadlıqlarının qorunması sahəsində qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.
Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, Milli Məclisin deputatı Vasif Əliyev və başqaları çıxış edərək Ombudsmanın ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirmiş, rayonda əhalinin hüquqlarının müdafiəsi sahəsində mühüm işlərin görüldüyünü, quruculuq-abadlıq işlərinin aparıldığını bildirmiş, 15 oktyabr prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsini təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışlar.
Tədbirin sonunda Ombudsman Elmira Süleymanova iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
X X X
“Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədi ilə Lənkəran, Lerik, Yardımlı və Masallı rayonlarında da Ombudsman Elmira Süleymanovanın iştirakı ilə ictimai dinləmələr keçirilmişdir.