CƏMİYYƏT
Ömürlük şikəst qalacağı deyilən 6 yaşlı uşaq sağlamlığına qovuşub
Bakı, 20 sentyabr, AZƏRTAC
Keçirdiyi xəstəliyin vaxtında düzgün diaqnozu qoyulmadığı səbəbindən ömürlük şikəst qalacağı deyilən 6 yaşlı uşaq Kliniki Tibbi Mərkəzdə öz sağlamlığına qovuşub.
AZƏRTAC Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, ötən ayın sonlarında koma vəziyyətində mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq xəstəxanasına gətirilən Davud Baxşıyev beyin kötüyündə olan dəyişikliklər səbəbindən ciddi təhlükə ilə üzləşib.
Həkim Əzim Nağdəliyevin sözlərinə görə, azyaşlı çox ağır vəziyyətdə reanimasiya şöbəsinə daxil olub.
“Avqustun 31-də xəstəxanaya gətirilən azyaşlı reanimasiya şöbəsinə qəbul olunub və vəziyyəti ağır olduğu üçün dərhal SPAP aparatına qoşulub. Təxminən 36 saat bu aparatda saxlanıldıqdan sonra onun spontan tənəffüsü bərpa olunub. Mərkəzə gətirildiyi zaman azyaşlı uşağın əl və ayaq hərəkəti demək olar ki, yox idi. Aparılan intensiv terapiya və reanimasiya tədbirləri nəticəsində onu həyata qaytarmaq mümkün olub. Hazırda xəstənin heç bir həyati təhlükəsi yoxdur”.
Məlumat üçün bildirək ki, azyaşlının beynində olan dəyişikliklərlə əlaqədar ilkin funksional müayinələr öz effektini verməyib. Burada isə həkimlərin ardıcıl müayinələri nəticəsində azyaşlı xəstəyə naməlum “etiol meninqit” diaqnozu qoyulub və respirator müayinələr aparılıb.
Uşağın anası Səbinə Əsgərovanın sözlərinə görə, həkimlərin vaxtında tibbi müdaxiləsi nəticəsində övladı sağlamlığına qovuşub.
“Oğlum Davud avqustun 28-i yuxudan oyandıqdan sonra iştahasız olduğunu gördüm. Avqustun 29-da uşağı Astara Rayon Mərkəzi Xəstəxanasına apardıq. İlkin tibbi yardım göstərildikdən sonra evə qayıtdıq. Avqustun 30-da uşağın vəziyyəti daha da pisləşdi. Xəstəxanada həkimin təyin etdiyi dərmanı vermək istəyəndə gördüm ki, uşağın əli və ayaqları tutulub, yeriyə bilmir. Vəziyyətin belə olduğunu görüb uşağı Bakıya gətirdik. Həkimlər oğlumu xəstəxanaya daxil olan gün aparata qoşdular”.
S.Əsgərova mərkəzin həkimlərinə öz təşəkkürünü bildirib.