ELM VƏ TƏHSİL
Onlayn vebinar: Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti
![Onlayn vebinar: Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti](/files/2020/2/1200x630/1588598500855043141_1200x630.jpg)
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə “Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti” mövzusunda onlayn vebinar keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, onlayn vebinarda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və digər ali təhsil müəssisələrinin kitabxana rəhbərləri, səriştəli kitabxana mütəxəssisləri iştirak ediblər.
Vebinara moderatorluq edən UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva “Sosial təcrid şəraitində UNEC-in onlayn informasiya-resurs təminatı: mövcud vəziyyət, imkanlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. O, karantin dövründə UNEC tərəfindən təhsilalanların, professor-müəllim heyətinin informasiya tələbatını ödəmək üçün müxtəlif dillərdə təqdim edilən elektron resurslar, onlayn kitabxana xidmətləri, kitabxana əməkdaşlarının sosial şəbəkələrdə fəallığı barədə məlumat verib.
Sonra digər universitetlərin kitabxana rəhbərlərinin məruzələri dinlənilib. Məruzələrdə pandemiya dövründə ali məktəblərdə həyata keçirilən distant təhsilin informasiya resurs təminatı məsələlərindən, oxuculara təqdim edilmiş onlayn və virtual xidmətlərdən, beynəlxalq məlumat bazaları ilə iş, elektron sənəd mübadiləsi, müəlliflik hüquqlarının yaratdığı çətinliklərdən və sosial şəbəkələrdə universitetin informasiya xidmətləri ilə bağlı paylaşımlarının əhəmiyyətindən bəhs edilib. Sosial təcrid şəraitində universitet kitabxanaları arasında e-resurs mübadiləsinin təşkili məqsədilə elektron kitabxanalararası abonement xidmətinin aktuallığı qeyd olunub, xidmətin yaratdığı imkanlar və mövcud problemlər müzakirə edilib.
Sonda postpandemiya dövründə də universitet kitabxanalarında yeni formatda və onlayn xidmətlərin aktuallığı vurğulanıb. Vebinarda ortaq elektron resurslar yaradılması, kitabxanalararası elektron sənəd mübadiləsinin təşkili, ortaq layihələr hazırlanması və “onlayn kitabxana” modelinin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirilib.