Operator və provayderlərin əməkdaşları üçün təlim təşkil edilib
Bakı, 27 may, AZƏRTAC
Ölkəmizdə internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin əməkdaşları üçün keçirilən təlimlər davam etdirilir.
Növbəti təlim Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) mütəxəssislərinin iştirakı ilə reallaşıb. Təlimdə iştirakçılara Agentliyin təqdim etdiyi elektron xidmətlər və tətbiq edilən həllərdən biri olan hesabat doğrulama aləti haqqında məlumat verilib.
Bu barədə AZƏRTAC-a qurumdan bildirilib. Təlimdə qeyd olunub ki, İKTA-nın elektron xidmətlərindən biri məlumat toplama sistemidir. Bu sistem vasitəsilə operator və provayderlər tərəfindən öz fəaliyyətləri haqqında təqdim edilən məlumatlar istehlakçı hüquqlarının qorunması və bərabər mühitin formalaşdırılmasına şərait yaradır. Həmçinin qeyd edilib ki, operator və provayderlərin təqdim etdikləri məlumatların səhihliyinin avtomatik yoxlanılması üçün İKTA əməkdaşları innovativ metodlara əsaslanan xüsusi həll istifadəyə veriblər. Həmin həll qəbul edilən məlumatların qısa zamanda operativ və obyektiv yoxlanılmasına imkan verir.
Eyni zamanda, təlim vaxtı tənzimləyici qurum tərəfindən tətbiq edilən yeniliklərin istifadə imkanları praktik olaraq nümayiş etdirilib, iştirakçıları bu istiqamətdə maraqlandıran suallar cavablandırılıb. Xidmət keyfiyyətinin yaxşılaşdırılması və ədalətli tənzimlənmənin tətbiqi naminə belə təlimlərin davamlı olması qərara alınıb.
Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.