MƏDƏNİYYƏT
Oriqami sənəti Yaponiyanın ən qədim mədəniyyət nümunələrindən biridir
Bakı, 30 oktyabr (AZƏRTAC). Bakıda yerləşən Amerika Mərkəzində bu qurumun və “Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dünya oriqami günü” mövzusunda tədbir keçirilmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə oriqami fiqurları düzəldən və bu sənətlə məşğul olmaq istəyənlər, xüsusilə gənclər, tələbələr və s. iştirak etmişlər.
Aparıcılar Yaponiyanın milli geyimləri olan kimonoda iştirakçıların, xüsusən yaponların diqqətini daha çox cəlb etmişlər. Yaponiya mədəniyyətinə öz milli geyimləri ilə qiymət vermək, onun qədim ənənələrini ölkəmizdə təbliğ etmək və yaymaq, sözün əsl mənasında, Azərbaycan-Yaponiya əlaqələrini xalqlar arasında genişləndirmək deməkdir.
Kağızlardan fiqurlar düzəldilməsi Azərbaycan incəsənətinə də daxil olmuş bir ənənə kimi hesab edilir. Sovet dövründə gənclərimiz bunları çox həvəslə etmişlər. Məhz bu baxımdan “Oriqami” sənəti əvvəlki mədəniyyətimizi qoruyub saxlayan soydaşlarımız tərəfindən çox böyük maraqla qarşılanır.
Tədbirin iştirakçısı olan 100-dək tələbə ayrı-ayrı qruplarda oriqami işlərini çox həvəslə görmüşdür. Bu işdə onlara yaponşünaslıq fakültəsində oxuyan tələbələr kömək etmişlər.
Ən maraqlısı odur ki, oriqami düzəldən və viktorina suallarına doğru cavab verən qalib yapon kuklası ilə mükafatlandırılmışdır.
Tədbirdə Yaponiyadan, o cümlədən Tokio televiziyasından qonaqlar iştirak etmişlər. Onlar tədbirdən məmnun olduqlarını və Azərbaycanda keçirilən “Dünya oriqami günü”nün Yaponiya telekanallarında yayımlayacaqlarını bildirmişlər.
Tədbirin ən fəal aparıcıları və onu təşkil edənlər Nərgiz Quliyeva, Aynur Ramazanova və Yaponiyada təhsil almış Elşad Əliyev olmuşlar.
“Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyi yaxın gələcək üçün Yaponiya mədəniyyəti ilə bağlı daha maraqlı tədbirlərin keçirilməsini planlaşdırır.