Orxan Ağayev: Azərbaycan cazı qlobal səhnədə xüsusi yerə malikdir
Bakı, 1 may, AZƏRTAC
Beynəlxalq Caz Günü (30 aprel) münasibətilə AZƏRTAC caz vokalisti, soul-caz ifaçısı, müzikl artisti, beynəlxalq caz festivalları və layihələrinin iştirakçısı Orxan Ağayevlə söhbət edib. O, Azərbaycan cazının qlobal səhnədəki yeri ilə bağlı fikirlərini bölüşüb.
“Azərbaycan cazı qlobal caz səhnəsində xüsusi yer tutur, çünki o, Qərb caz improvizasiyasını Şərq musiqi fəlsəfəsi və muğam ənənələri ilə birləşdirməyi bacarıb. Məhz bu kombinasiya onu qlobal auditoriyaya tanıdır və unikal edir. Vaqif Mustafazadənin dövründən bəri Azərbaycan cazı caz harmoniyası və sərbəst improvizasiyanın milli melodiyalar, qeyri-bərabər ritmlər və muğamın emosional dərinliyi ilə birləşdiyi bir janr kimi tanınır. Bu, Amerika, Avropa və ya Latın Amerikası cazı ilə qarışdırıla bilməyən bir səs yaradır”, - deyə vokalist qeyd edib.
Onun fikrincə, məhz bu orijinallıq dünya miqyasında Azərbaycan cazına olan marağı qoruyub saxlayır.
“Beynəlxalq auditoriyanı təkcə ifa texnikası deyil, həm də musiqinin xüsusi ab-havası, Şərq və Qərbin, ənənə və müasirliyin qarışığı cəlb edir. B.B. Kinq bizi ziyarət etdikdən və Azərbaycan cazı ilə tanış olduqdan sonra demişdi: “Musiqilərinizdə çox qədim və eyni zamanda çox müasir çalarlar var”. Bu gün Azərbaycan cazı inkişaf etməyə davam edir və beynəlxalq festivallarda səsləndirilir. Bu, milli musiqinin həm dərin yerli, həm də qlobal auditoriyaya tamamilə aid ola biləcəyini sübut edir”, - deyə O. Ağayev vurğulayıb.
Müəllif - Anara Axundova