OSAKA UNİVERSİTETİNDƏ AZƏRBAYCANA HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİR
AYDC-nin sədri Rəhman Şahhüseynlinin AZƏRTAC-a verdiyi məlumata görə, müxtəlif universitetlərin və ictimai təşkilatların, elmi tədqiqat mərkəzlərinin nümayəndələrinin iştirak etdikləri seminarda Yaponiyanın Azərbaycandakı keçmiş səfiri Toşiyuki Fucivaranın və uzun illərdir bu ölkədə yaşayan soydaşımız Xəlil Kələntərin məruzələri dinlənilmişdir.
T.Fucivara dövlətlərimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha sürətlə inkişaf etməsinin əsas səbəbi kimi ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin bu ölkəyə səfərlərini göstərmişdir. Onun sözlərinə görə, Azərbaycan sürətlə inkişaf edir və regionun lider dövlətinə çevrilmişdir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və 1 milyondan çox qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyətdə yaşadığını iştirakçıların nəzərinə çatdıran natiq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında Ermənistanın destruktiv mövqeyini vurğulamışdır.
Xəlil Kələntər tariximizə ekskurs etmiş, son 15 ildə baş verənlərdən söz açmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini xatırlatmışdır.
Aparıcı R.Şahhüseynli iştirakçılara dərin təşəkkürünü bildirmiş və onları sentyabrın 30-da keçiriləcək növbəti - 3-cü seminara dəvət etmişdir.
Dinləyiciləri maraqlandıran suallara cavab verilmişdir.