Osloda Novruz ənənələri barədə danışılıb
Stokholm, 17 mart, АZƏRTAC
Norveçin paytaxtı Oslo şəhərində fəaliyyət göstərən “Oslo Azərbaycan Evi”ndə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə icma üzvləri, Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin şagirdləri və onların valideynləri iştirak ediblər.
Tədbirdə iştirakçılara Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərləri, Novruz bayramının tarixi və ənənələri barədə məlumat verilib. Qeyd olunub ki, Novruz Azərbaycan xalqının ən qədim və sevilən bayramlarından biri olmaqla baharın gəlişini, yenilənməni və birliyi ifadə edir. Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd isə xaricdə yaşayan azərbaycanlı uşaqlara milli kimliyi, ana dilini, adət-ənənələri və mədəni irsi aşılamaqdır.
Tədbir çərçivəsində Oslo şəhərində fəaliyyət göstərən Azərbaycan dili həftəsonu məktəbinin şagirdləri Novruza həsr olunmuş şeirlər səsləndirib, milli rəqslər və musiqi nömrələri təqdim ediblər. İştirakçılar bayramın əsas rəmzləri olan səməni, tonqal və Novruz süfrəsini bəzəyən şirniyyatlarla tanış olub, tonqal ətrafında yallı rəqsi ifa ediblər.
Sonda iştirakçılar Novruz süfrəsini bəzəyən şirniyyatlardan dadıblar.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm