‘OT KÖKLƏRİ VƏ İNSAN TƏHLÜKƏSİZLİYİ’ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ MÜQAVİLƏLƏR İMZALANMIŞDIR
Bu münasibətlə təşkil olunmuş mərasimi təhsil naziri Misir Mərdanov açaraq, Yaponiya ilə Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən təhsilin inkişafı istiqamətində əməkdaşlığın genişlənməsindən danışmışdır.
Son üç ildə ölkəmizdə 30 məktəbin tikintisinə və tədris müəssisələrinin əsaslı təmirinə Yaponiya hökumətinin göstərdiyi köməyi diqqətə çatdıran nazir bu gün həmin istiqamətdə daha 5 layihə üzrə müqavilələr imzalanacağını bildirmişdir.
Yaponiyanın Bakıdakı səfiri Toşiyuki Fucivar ölkələrimiz arasındakı əməkdaşlıqdan söhbət açaraq, onun daha da genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Sonra ümumi dəyəri 370 min ABŞ dollarından artıq olan 5 layihə, Qusardakı 5 saylı məktəbin, Xaçmaz rayonundakı Çarxı kənd məktəbinin, Lerik rayonundakı Əyrik qəsəbə, Masallı rayonundakı Mollaoba kənd məktəblərinin tikintisi, Bakı Avropa Litseyinin əsaslı təmiri ilə bağlı müqavilələr imzalanmışdır.
Müqavilələri Yaponiya tərəfindən səfir Toşiyuki Fucivara Azərbaycan tərəfindən əlaqədar rayonların təhsil şöbələrinin müdirləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri imzalamışlar.
Mərasimdə çıxış edən digər natiqlər də Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqətə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər.