İQTİSADİYYAT
Ötən ay 40 mindən artıq mobil cihazın “IMEI” kodu yoxlanılıb
Bakı, 4 avqust, AZƏRTAC
“Elektron hökumət” portalında ən çox istifadə edilən elektron-xidmətlərdən olan “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən iyulda vətəndaşlar 40 min 324 dəfə yararlanıb.
Portalın operatoru Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu xidmətlə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür. Bunun üçün portalda həmin elektron xidməti seçib, telefonun “IMEI” kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək lazım gəlir.
Bu xidmətdən istifadə üçün “Elektron hökumət” portalında autentifikasiyadan keçmək tələb olunmur.