SİYASƏT
Ötən ay Azərbaycanda bütün sahələrdə sürətli inkişaf müşahidə olunmuşdur
Bakı, 3 iyul (AZƏRTAC). İyulun 3-də Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) iyun ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hazırladığı analitik hesabatın təqdimatı keçirilmişdir.
SİTM-in rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirmişdir ki, rəsmi Yerevanın Helsinki Yekun Aktının üç məlum prinsipi əsasında çərçivə sazişini imzalamağa çalışması bəllidir. Ermənistanın mövqeyində yeni olan “elementlər” anlayışıdır. Ermənistan 2009-cu ildə ABŞ Prezidentinin rəsmi saytı vasitəsilə yayımlanmış yenilənmiş Madrid prinsiplərini nəzərdə tutur.
Politoloqun sözlərinə görə, Ermənistanın yanaşmasında iki məqam diqqətdən kənarda qalmır. Birincisi, Ermənistan Azərbaycanın iqtisadi təşəbbüslərinə müsbət cavab verməyib, Azərbaycan haqqında əvvəlki hədyanlarını davam etdirir. İkinci məqam isə ondan ibarətdir ki, Ermənistanın xarici işlər naziri Nalbandyan Azərbaycanın hərbi gücündən həmsədrlərə şikayətini çatdırmaq üçün guya dinc yolla güzəştə getməyə hazır olduğunu nümayiş etdirmişdir.
Ötən ayda ölkədə bütün sahələrdə sürətli inkişafın müşahidə edildiyini diqqətə çatdıran M.Əhmədoğlu vurğulamışdır ki, iyun Azərbaycan üçün bütövlükdə uğurlu ay olmuşdur.
Hesabatda dünyada və regionda cərəyan edən proseslər, həmçinin Azərbaycanın ABŞ, Gürcüstan, İran, Rusiya və Türkiyə ilə münasibətləri də təhlil olunmuşdur.