Ötən ay OPEC-in gündəlik neft hasilatı 19 milyon bareldən aşağı enib
Bakı, 13 may, AZƏRTAC
Apreldə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft istehsalı əvvəlki aya nisbətən 1 milyon 727 min barel azalaraq gündəlik 18 milyon 983 min barelə olub.
AZƏRTAC aylıq OPEC-in hesabatına istinadla xəbər verir ki, təşkilat üzrə ötən ay ən böyük hasilat azalması Səudiyyə Ərəbistanı və Küveytdə baş verib.
Səudiyyə Ərəbistanında gündəlik hasilat 958 min barel azalaraq 6 milyon 768 min barelə, Küveytdə isə 561 min barel azalaraq 600 min barelə düşüb. İraqda gündəlik neft hasilatı 291 min barel azalaraq 1 milyon 389 min barelə, İranda isə 211 min barel azalaraq 2 milyon 854 min barel təşkil edib.
Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Venesuelada isə neft hasilatı artıb. BƏƏ-də gündəlik hasilat 131 min barel artaraq 2 milyon 23 min barelə, Liviyada isə 55 min barel artaraq 1 milyon 307 min barelə yüksəlib. Venesuelada gündəlik hasilat 46 min barel artaraq 1 milyon 31 min barel olub.
Keçən ay OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun xam neft hasilatı əvvəlki ayla müqayisədə 1 milyon 740 min barel azalaraq gündəlik 33 milyon 190 min barel olub.