İQTİSADİYYAT
Ötən il 2146 təsərrüfat subyektində məhsulların keyfiyyətinə dövlət nəzarəti həyata keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). 2010-cu ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən məhsulların keyfiyyətinə və standartlara, metroloji norma və qaydalara dövlət nəzarətinin gücləndirilməsi, bu məhsulların Milli Sertifikatlaşdırma Sisteminin tələblərinə müvafiq olaraq sertifikatlaşdırılması işinin təkmilləşdirilməsi və digər istiqamətlərdə bir sıra işlər görülmüşdür.
SMPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, il ərzində hüquqi və fiziki şəxs statusu ilə fəaliyyət göstərən 2146 təsərrüfat subyektində istehsal, idxal və ixrac olunan məhsulların keyfiyyətinə, standartların, metroloji normaların və qaydaların tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilmişdir ki, bu da 2009-cu ildəkinə nisbətən 1,9 dəfə çoxdur.
Araşdırmaların nəticəsində təsərrüfat subyektlərində aşkar edilmiş nöqsanlara və pozuntulara, o cümlədən istehsal olunan bəzi məhsulların insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəliliyinə, normativ sənədlərin tələblərinə cavab vermədiyinə görə 123 növ məhsulun istehsalının və satışının qadağan olunması barədə, habelə mövcud nöqsanların aradan qaldırılmasına dair 344 iradnamə və tələbnamə verilmişdir.
2010-cu ildə həyata keçirilmiş dövlət nəzarətləri zamanı 277500 manatlıq müxtəlif çeşidli məhsulların keyfiyyəti yoxlanılmış, bunlardan 252 min manatlıq məhsulun və yaxud ümumi miqdarın 9,1 faizinin normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunmuşdur.
Ciddi nöqsanlara yol vermiş təsərrüfat subyektlərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada 137 protokol tərtib edilmiş, 143,7 min manat məbləğində və yaxud 2009-cu ilə nisbətən 1,9 dəfə çox cərimə sanksiyaları tətbiq olunmuşdur.
Hesabat ilində məhsul istehsalı, idxalı və ixracı ilə məşğul olan 2885 hüquqi və fiziki şəxslərin sifarişləri əsasında 6209 adda məhsula AZS Milli Sertifikatlaşdırma Sisteminin tələblərinə müvafiq olaraq uyğunluq, tanınma və partiya sertifikatları verilmişdir. Sertifikatlaşdırma prosesi ilə əhatə olunmuş təsərrüfat subyektlərinin sayı 2009-cu ilə nisbətən 1,4 dəfə, sertifikatlaşdınlmış məhsul növlərinin sayı isə 1,6 dəfə artmışdır.