Bu il Ağdam Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq
Ağdam, 30 may, AZƏRTAC
İl ərzində Ağdam Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində yaradılan Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Artıq Sənaye Parkının 60 faizdən çox hissəsi dolub, həmin ərazilər sahibkarların uzun müddətlik istifadəsinə verilib.
Digər sənaye zonaları kimi, Ağdam Sənaye Parkına da sahibkarlar tərəfindən böyük maraq göstərilir. Belə ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarından Sumqayıt Kimya Sənaye Parkından sonra ən çox rezident sayı Ağdam Sənaye Parkındadır.
Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 200,6 milyon manatdan çox olan 23 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 29 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 1900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
Hazırda Sənaye Parkında bir çox rezidentlər tərəfindən tikinti-quraşdırma işləri tam başa çatdırılıb, yaxın vaxtlarda istehsal fəaliyyətlərinə başlamaları nəzərdə tutulur. Bəzi rezidentlər tərəfindən isə tikinti-quraşdırma işləri davam etdirilir. Bunların da bəzilərində işlərin bu il ərzində yekunlaşması planlaşdırılır.
Ağdam Sənaye Parkında havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, tikinti materiallarının, dam örtüklərinin, boru və qutu profillərin, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, müxtəlif növ dəmir yolu avadanlıqlarının, divar kağızlarının, ayaqqabıların istehsalı və s. müəssisələrin bu il fəaliyyətə başlaması nəzərdə tutulur.
Həmçinin hazırda Ağdam Sənaye Parkında dövlət vəsaiti hesabına rezidentlər üçün infrastrukturun qurulması, elektrik yarımstansiyasının, inzibati binanın tikintisi istiqamətində işlər davam etdirilir.