Si Cinpin İsrail-Fələstin sülh konfransı təklifi ilə çıxış edib
Bakı, 30 may, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpin bu gün Pekində keçirilən forumda ərəb liderləri və diplomatları qarşısında çıxış edərkən İsrail və Fələstinin HƏMAS silahlı qruplaşması arasında müharibəyə dair sülh konfransı keçirməyə çağırıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Çin bu həftə Misir Prezidenti Əbdülfəttah əs-Sisi və bir sıra digər ərəb liderlərini Qəzzadakı müharibə ilə bağlı müzakirələrə dəvət edib. Bu gün nümayəndə heyətləri qarşısında çıxış edən Si Cinpin münaqişənin həlli üçün geniş tərkibli sülh konfransının keçirilməsini dəstəklədiyini deyib. O əlavə edib: “Yaxın Şərq geniş inkişaf perspektivləri ilə insanlara bəxş edilmiş torpaqdır, lakin orada müharibə hələ də davam edir. Müharibənin sonu olmalıdır, ədalət əbədi olaraq yox olmamalıdır”.
Çinin lideri, həmçinin bildirib ki, Pekin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir və daha geniş, əsaslı, nüfuzlu və effektiv beynəlxalq sülh konfransını dəstəkləyir. O qeyd edib ki, İsraillə yaxşı münasibətləri olan Çin onilliklərdir ki, İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllini müdafiə edir.
Bir gün əvvəl, mayın 29-da Misirin Prezidenti ilə görüşən Si Cinpin bəyan edib ki, hazırda əsas prioritet vəzifə münaqişənin yayılmasının qarşısını almaq, onun regional sülh və sabitliyə təsirinə yol verməmək və daha ciddi humanitar böhranın qarşısını almaq üçün dərhal atəşkəsə nail olmaqdır. O, həmçinin bildirib ki, Çin Fələstin probleminin tezliklə, hərtərəfli, ədalətli və uzunmüddətli həllinə təkan vermək üçün Qəzza və İsraillə qonşu olan Misirlə birgə işləməyə hazırdır.
Son illərdə Çin ərəb dövlətləri ilə daha sıx əlaqələr qurmağa çalışır. Pekin keçən il Səudiyyə Ərəbistanı ilə onun uzun müddət düşməni olan İran arasında gərginliyin aradan qaldırılmasına vasitəçilik edib.