Qax Peşə Liseyində “Açıq qapı” günü təşkil edilib
Qax, 30 may, Mustafa Dadaşov, AZƏRTAC
Mayın 30-da Qax Peşə Liseyində “Açıq qapı” günü keçirilib. Tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər, valideynlər, məzunlar, liseyin mühəndis-pedaqoji heyəti, işəgötürən müəssisələrin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Peşə Liseyinin direktoru Səbuhi Bilalov çıxış edərək, peşə təhsilinin zəruriliyi, düzgün peşə seçiminin əhəmiyyəti, peşə təhsilinin perspektivləri, həmçinin liseyin fəaliyyət istiqamətləri və əldə olunan uğurlar barədə məlumat verib. Diqqətə çatdırılıb ki, liseydə əsasən turizm, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Liseydə mehmanxana inzibatçısı, turizm təşkilatçısı, təmirçi-çilingər, aşpaz, dülgər, tornaçı, arıçı, mebel ustası, dərzi, aqroservis mütəxəssisi və digər ixtisaslar üzrə, ümumilikdə, 19 qrupda 316 tələbə təhsil alır. Liseyin qarşısında duran əsas məqsəd rayonda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.
Liseyin direktoru, həmçinin işəgötürən təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər, layihələr barədə də məlumat verib.
Sonra tədbir iştirakçıları ayrı-ayrı peşələr üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilərə baxıb, müxtəlif istiqamətlər üzrə təşkil edilən ustad dərsləri izləyib, həmçinin emalatxanalar və yeni alınan dəzgahlarla tanış olublar.
Tədbir liseyin tələbələrinin hazırladığı bədii proqramla davam edib.