Ötən il Azərbaycanda qeydə alınan talassemiya xəstələrinin sayı açıqlanıb
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycanda 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan talassemiyalı xəstələrin sayı cəmi 530 nəfərdir. Onlardan 347 nəfəri 17 yaşınadək olan uşaqlardır.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” adlı rəsmi statistik məcmuəsində məlumat verilib.
Statistik rəqəmlər ötən il Azərbaycanda talassemiyalı xəstələrin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, ölkəmizdə ilk dəfə qoyulan diaqnozla qeydə alınan talassemiyalı xəstələrin sayı 2005-ci ildə 302 nəfər, 2010-cu ildə 359 nəfər, 2012-ci ildə 482 nəfər, 2013-cü ildə 371 nəfər olub.
Rəsmi nəşrdə o da bildirilir ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan talassemiyalı xəstələrin sayı 2922 nəfərdir. 2005-ci ildə isə bu rəqəm 656 nəfər təşkil edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib. Məqsəd ölkəmizdə talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.