ÖTƏN İL TOVUZLULAR ÜÇÜN UĞURLU OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, fevralın 20-də Tovuz Rayon İcra Hakimiyyətində 2007-ci ildə görülmüş işlər və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilmişdir.
İclasdan əvvəl yığıncaq iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq ötən il ərzində rayonda görülən işlərdən söhbət açaraq bildirmişdir ki, 2006-cı illə müqayisədə rayonun makroiqtisadi göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Belə ki, sənaye məhsulunun ümumi həcmi 8 milyon 875 min 900 manat, kənd təsərrüfatının ümumi məhsulu 156 min 339 manat, nəqliyyat sektorunda yük daşınması 352 min ton, poçt və rabitə xidmətlərinin həcmi 747 min manat, pərakəndə əmtəə dövriyyəsi 98 milyon 956 min 500 manat, əhaliyə göstərilən pullu xidmətlər 19 milyon 347 min 200 manat olmuşdur.
Qeyd edilmişdir ki, 2006-cı ildə rayon iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışı 142 milyon 839 min 300 manat idisə, 2007-ci ildə bu rəqəm 147 milyon 585 min 800 manat olmuşdur. 294 min 447 ton kartof, 29 min 162 ton tərəvəz, 11 min 460 ton meyvə istehsal edilmişdir. Yeri gəlmişkən kartofçuluq sahəsində tovuzlular ötən il respublikada rekord nəticələr əldə edərək məhsuldarlığı 268,7 sentnerə çatdırmışlar. Bu, 2006-cı illə müqayisədə 7,5 sentner çoxdur. Rayonda üzümçülüyün inkişafına da diqqət artmışdır. Əgər rayon üzrə 2004-cü ildə cəmi 63 hektar üzüm sahəsi var idisə, 2007-ci ildə bu rəqəm 303 hektara çatdırılmışdır.
Dövlət proqramında nəzərdə tutulmuş ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində ötən il rayon üzrə 1149 yeni iş yerləri açılmışdır.
Məruzədə rayonda aparılan abadlıq-quruculuq işlərindən də söz açılmışdır.
Qeyd edilmişdir ki, Tovuz-Əlibəyli avtomobil yolunun 15, Düz Qırıqlı yolunun 4, Aşağı Ayıblı yolunun 4,5 kilometri əsaslı təmir olunaraq yenidən qurulmuşdur. Rayondaxili yollara və küçələrə 210 min kvadratmetr asfalt-beton döşənmişdir. İl ərzində 2 qum-çınqıl sexi, 2 alkoqolsuz içki sexi, 2 yanacaqdoldurma məntəqəsi, bir plastik qapı-pəncərə sexi istifadəyə verilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 24, 36 və 16 mənzilli yaşayış binalarının, Heydər Əliyev muzeyinin, Aşağı Ayıblı kəndində 1176 yerlik, Hacallı kəndində 400 yerlik məktəb binalarının, “Olimpiya İdman Kompleksi”nin, “Olimpiya Zirvəsi”, “Qala” komplekslərinin, baytarlıq idarəsinin inzibati binasının, Tovuzçay su anbarının tikintisi, Bakı-Qazax avtomobil yolunun Tovuz ərazisində 10,5 kilometrlik dairəvi hissəsinin, Zəyəmçay-Tovuz su kəmərinin çəkilişi davam etdirilmişdir. Hazırda Diaqnostika mərkəzinin, mərkəzi rayon xəstəxanasının, Ağbaşlar və Əhmədabad kənd orta məktəblərinin binalarının tikintisi üçün hazırlıq görülür.
İclasda Prezidentin İcra Aparatının məsul əməkdaşları Eldar Nuriyev, Habil Əzənmədov, Milli Məclisin deputatı Nazim Məmmədov iştirak və çıxış etmişlər.
İclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.