İQTİSADİYYAT
Ötən il Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 238 min 666 müraciət cavablandırılmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). 2013-cü ildə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 238 min 666 müraciət cavablandırılmış, vergi ödəyicilərinə 584 min 387 mesaj göndərilmişdir.
Nazirliyin analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin 174 min 90-ı canlı rejimdə müfəttiş-operatorlar, 64 min 576-sı səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılmışdır.
Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış sorğular arasında elektron xidmətlər (26,6 faiz), vergi növləri (12,2 faiz), qeydiyyat (11,2 faiz) hesabatlar və onların doldurulma qaydaları (7,9 faiz), səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (44,7 faiz) və dövlət büdcəsinə olan vergi borcları (29,4 faiz) barədə məsələlər üstünlük təşkil etmişdir.
Hesabat dövrü ərzində cavablandırılmış müraciətlərin sayı 2012-ci ilə nisbətən 25,3 faiz artmışdır. Ötən dövr ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 1507 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilmişdir.
Müraciətlərin 72,7 faizi Bakı şəhərindən, 13,8 faizi ölkənin müxtəlif bölgələrindən, qalanı isə mobil operatorlardan daxil olmuşdur.
2013-cü ildə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) 3 milyon 456 min 151 dəfə müraciət edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 13,7 faiz çoxdur. İnternet səhifəsinin “Sual-cavab” bölməsinə 2 min 236 sorğu daxil olmuş və onların 96,6 faizi qısa müddət (1-5 gün) ərzində cavablandırılmışdır.