ÖTƏN İL ZƏRDABDA ÜMUMİ MƏHSUL İSTEHSALI 27,7 FAİZ ARTMIŞDIR
Yığıncağın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, sonra Heydər Əliyev muzeyinə baxmışlar. Mədəniyyət evinin foyesində rayonda istehsal edilən kənd təsərrüfatı məhsullarının sərgisi və Zərdabın sosial-iqtisadi inkişafını əks etdirən stendlər yığıncaq iştirakçılarında böyük maraq doğurmuşdur.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev məruzə ilə çıxış edərək demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il iyunun 30-da Zərdaba tarixi səfəri, sakinlərlə keçirdiyi görüşləri, bölgənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində verdiyi konkret tapşırıqlar ölkəmizin başçısının hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha təsdiq etmişdir. Bu diqqət və qayğını daim öz üzərlərində hiss edən zərdablılar inamla çalışır, rayonun sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər. Bu gün Zərdab sürətli inkişaf yolundadır. Təkcə keçən il rayonda ümumi məhsul istehsalının həcmi 40401,4 min manat olmuşdur ki, bu da 2006-cı ilə nisbətən 27,7 faiz çoxdur. Adambaşına düşən ümumi məhsulun həcmi inişilkinə nisbətən 26,2 faiz artaraq 786 manata çatmışdır.
Bildirilmişdir ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən rayonda hesabat ilində 38 min 710 ton taxıl, 7 min 111 ton tərəvəz, 15 min 961 ton bostan məhsulları, 5740 ton kartof, 1130 ton pambıq, 14,4 ton barama, 2852 ton ət, 21 min tondan çox süd, 7 milyon 632 min yumurta istehsal edilmişdir.
Keçən il Zərdabda Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, 92 saylı Zərdab-Ucar seçki dairəsinin dairə seçki komissiyası üçün inzibati binalar tikilib istifadəyə verilmiş, şəhərdə «Dədə Qorqud» meydanı salınmış, Cilovxanlı kəndində məktəb binası tikilmişdir. Hazırda rayon icra hakimiyyəti, əhalinin sosial müdafiəsi mərkəzi, rayon prokurorluğu, uşaq incəsənət məktəbi üçün yeni binalar, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 16 mənzilli ev, Gödəkqobu kəndində ATS binası inşa edilir.
Rayonda sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait yeni iş yerlərinin açılmasına imkan vermişdir. Keçən il 1932 yeni, o cümlədən 449 daimi iş yeri yaradılmışdır. Ümumiyyətlə, Dövlət proqramının qəbulundan bəri 4919 yeni iş yeri açılmışdır. Bunun 2710-u daimidir.
Məruzədə və çıxışlarda dəfələrlə belə bir fikir vurğulanmışdır ki, zərdablılar Prezident İlham Əliyevin respublikamızın, o cümlədən rayonun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, maddi-rifahının yaxşılaşdırılması istiqamətində yürütdüyü siyasəti dəstəkləyir, onun ətrafında sıx birləşirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hesabat yığıncağında çıxış edərək, regionların sosial-inkişafı sahəsində görülən işlərdən danışmış, Azərbaycan Prezidenti İlham Əliyevin aqrar sahənin yüksəlişinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulamışdır. Komitə sədri bildirmişdir ki, müstəqil Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin səyləri sayəsində regionun lider dövlətinə çevrilmişdir. İndi təkcə Azərbaycanın şəhərləri deyil, bölgələri də sürətlə inkişaf edir. Bu yüksəlişin təməli 4 il əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının qəbulu ilə qoyulmuşdur. Ötən 4 ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 2 dəfə artmışdır. 4 il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfə çoxalmışdır. Həmin müddətdə 650 min yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşmüşdür. Yüksəlişin vüsəti həyatımızın hər bir sahəsində, ölkənin hər bir guşəsində çox aydın şəkildə hiss olunur. Bu gün biz Zərdab Rayon İcra Hakimiyyəti başçısının məruzəsini dinlədik. Məruzədə uğurları əks etdirən rəqəmlər qəlbimizdə iftixar hissi doğurdu. Bizi qarşıda ölkəmizin taleyi üçün çox əhəmiyyətli hadisə gözləyir. Əminəm ki, xalqımız, o cümlədən zərdablılar yenə də düzgün seçim edəcək, prezident seçkilərində ümummilli lider Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə səs verəcəklər. Bu işdə hamınıza uğurlar arzulayıram.
Milli Məclisin deputatı Jalə Əliyeva da yığıncaqda çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Hesabat yığıncağında Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Yığıncaqda Prezidentin İcra Aparatının məsul əməkdaşı Rəhim Məmmədov iştirak etmişdir.