CƏMİYYƏT
Oturaq iş rejimində çalışan insanlarda onurğa sütunu əyriliyi müşahidə olunur
Bakı, 31 avqust, AZƏRTAC
Oturaq iş rejiminin insan orqanizminə vurduğu fəsadlardan biri də metobolik sindromdur. Bu hal, eyni zamanda, şəkərli diabet, yüksək təzyiq kimi sağlamlıq problemləri yaradır.
AZƏRTAC Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bunu mərkəzin həkim-terapevti Nuranə Əliyeva deyib.
“Daimi olaraq oturaq iş rejimində çalışan insanlarda skolioz - yəni onurğa sütunu əyriliyi və xalq arasında boyun kirəclənməsi kimi tanınan osteoxondroz xəstəlikləri müşahidə olunur. Belə iş rejimində çalışan insanların mədə-bağırsaq sistemində müxtəlif problemlər yaranır. Bu insanlarda xroniki yorğunluq, depressiyaya meyillilik digərləri ilə müqayisədə daha çox olur.
Sadalanan problemlərin qarşısını almaq üçün iş saatları arasında 10-15 dəqiqəlik fasilə vermək, bu müddətdə göz əzələlərini məşq etdirmək lazımdır. İmkan daxilində yüngül idman hərəkətləri edilməlidir. Ən yaxşı üsullardan biri də müntəzəm olaraq idmanla məşğul olmaqdır. Ən azı 1 saat açıq havada gəzmək vacibdir. Eyni zamanda, qida rasionuna diqqət etməlisiniz. Gün ərzində hərəkət aktivliyi az olan insanlar mümkün qədər az və sağlam qidalanmalıdır”.