ELM VƏ TƏHSİL
Özbək professorun Nizami Gəncəviyə həsr etdiyi kitabın təqdimatı olub


Bakı, 9 iyun, AZƏRTAC
İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Səmərqənd Dövlət Xarici Dillər Universitetinin professoru, nəvaişünas və baburşünas alim Dilorom Salahinin “Şeyx Nizaminin mənəviyyat dünyası” (Shayx Nızomıy Ma’rıfatı) kitabının təqdimatı və müəllifin imza günü keçirilib. Bu kitaba görə müəllifə TÜRKSOY-un “Nizami Gəncəvi” medalı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova moderatorluq edib. O bildirib ki, kitab böyük Şərq mütəfəkkiri və şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub. Kitabda dahi sənətkarın bənzərsiz yaradıcılıq üslubundan, sufi dünyagörüşündən, onun poeziya ənənələrini davam etdirmiş məşhur özbək şair və mütəfəkkirlərinin irsindən, eləcə də dahi şairin Səmərqənd Dövlət Muzey-Qoruğunun Əlyazmalar şöbəsində saxlanılan XVI əsrə aid “Xəmsə”sinin nadir nüsxəsindən söz açılır.
Təqdimatda AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova, Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktoru Yaşar Qasımbəyli, Bakı Dövlət Universitetinin professoru Əsmətxanım Məmmədova, dosent Zəhra Allahverdiyeva, AMEA Əlyazmalar İnstitutunun dosenti Şəhla Məcidova çıxış ediblər.
Qeyd edək ki, Azərbaycan, özbək və ingilis dillərində hazırlanan kitabın məsul redaktoru və “Ön söz” müəllifi Almaz Ülvi Binnətovadır. Əsəri Azərbaycan dilinə Şəhla Məcidova və Aynur İbrahimova tərcümə ediblər.