Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Fizika İnstitutunda olub
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının “Görkəmli dövlət xadimi Heydər Əliyev: lider, zaman və müasirlik” mövzusunda keçirilmiş Xüsusi iclası çərçivəsində ölkəmizə səfər edən Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Sirojiddin Mirzaev Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda olub.
Fizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, ilk növbədə, qonaq bu elmi müəssisənin tarixini əks etdirən stendlərlə tanış olub. AMEA-nın birinci vitse-prezidenti, institutun baş direktoru akademik Arif Həşimov ona müəssisənin tarixi, tanınmış alimləri, fəaliyyət istiqamətləri və s. haqqında məlumat verib.
Daha sonra S.Mirzaev Yüksək gərginliklər fizikası və texnikası, Nanomaterialların tətbiqi texnologiyaları laboratoriyalarında olub. Laboratoriya rəhbərləri - fizika elmləri doktoru, dosent Təranə Nurubəyli və fizika üzrə fəlsəfə doktoru Nahidə Musayeva burada quraşdırılan cihazlar, aparılan tədqiqatlar, əldə olunan ən son elmi nailiyyətlər haqqında qonağı məlumatlandırıblar.