Özbəkistanın podrobno.uz portalı əfsanəvi cazmen Vaqif Mustafazadə haqqında yazıb
Daşkənd, 19 dekabr AZƏRTAC
Özbəkistanın podrobno.uz portalı Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri Vaqif Mustafazadə haqqında rus dilində “Əfsanəvi Azərbaycan cazmeni, caz-muğamın korifeyi” adlı material verib.
AZƏRTAC xəbər verir ki, yazıda Vaqif Mustafazadənin 1940-cı ildə Bakıda doğulduğu, muğamın sirlərini isə anası, böyük Üzeyir Hacıbəylinin tələbəsi, Azərbaycanın ilk pianoçu qadınlarından olan Zivər xanımdan aldığı diqqətə çatdırılır. Bildirilir ki, Vaqif Mustafazadə hələ musiqi məktəbində oxuyarkən muğamla yanaşı, klassik bəstəkarlar - Bax, Motsart, Bethoven, Şopenin əsərləri ilə tanış olur, bu əsərləri ifa edir və fortepiano onun həyatının bir parçasına çevrilir.
Məqalədə Vaqif Mustafazadənin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Diqqətə çatdırılıb ki, V.Mustafazadənin ilk uğuru 1956-cı il mayın 30-da filarmoniyada böyük dirijor və bəstəkar Niyazinin rəhbərliyi ilə Mendelsonun fortepiano ilə konsertinin birinci hissəsini ifa etməklə başlayır. Vurğulanır ki, 1977-ci ildə o “Muğam” caz qrupu yaradır, Gürcüstanın “Orero” qrupunun, Bakıda “Sevil” vokal instrumental ansamblının rəhbəri olur. Qeyd olunur ki, “Tallin-66”, “Tallin-67”, “Caz-69” Bakı festivalları, “Tbilisi-78” caz festivalı Vaqif Mustafazadəyə böyük uğur gətirir. 1979-cu ildə Monakoda keçirilən birinci caz kompozisiyaları beynəlxalq müsabiqəsində isə V.Mustafazadə birinci mükafata və “Ağ royal”a layiq görülür.
Qeyd edək ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, tanınmış cazmen, öz ifası ilə milyonların qəlbini fəth edən Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə dünyasını dəyişib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd