Pakistan mətbuatında Azərbaycanlıların Soyqırımı Günü ilə İlə bağlı məqalə dərc olunub
İslamabad, 31 mart, АZƏRTAC
Pakistanın “Election Times” qəzeti və “Pakistan in the World” jurnalında, həmçinin bu nəşrlərin internet səhifələrində “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” sərlövhəli məqalə dərc edilib.
Məqalədə müstəqilliyini yenidən qazandıqdan sonra Azərbaycan xalqının başına gətirilən faciələrdən və uzun illər gizli saxlanılan tarixi həqiqətlərin açılmasından danışılır, bunlardan birinin də 1918-ci il martın 31-də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı olduğu vurğulanır.
Yazıda Gülüstan və Türkmənçay müqavilələrindən dərhal sonra rus çarının siyasətinə uyğun olaraq, İran və Türkiyədən Azərbaycanın tarixi torpaqlarına - İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarının ərazisinə ermənilərin kütləvi şəkildə köçürüldüyü bildirilir.
Oxucuların diqqətinə çatdırılır ki, 1918-ci ildən başlayaraq erməni millətçiləri bolşeviklərlə birgə Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və digər şəhərlərində günahsız insanları kütləvi şəkildə qəddarcasına qətlə yetiriblər. Onlar bu soyqırımı siyasətini sonrakı illərdə də davam etdirib, 1947-ci il və sonrakı illərdə on minlərlə azərbaycanlının öz ata-baba torpaqlarından Azərbaycanın müxtəlif bölgələrinə köçürülməsinə nail olublar.
1988-ci ildə başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk mərhələsində ermənilərin ekstremist ideologiyasının həyata keçirilməsi nəticəsində azərbaycanlıların doğma torpaqlarından deportasiya edilməsinə başlanıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin salınıb.
Məqalədə Dağlıq Qarabağ münaqişəsinin ən faciəli səhifəsindən biri olan Xocalı soyqırımı haqqında məlumat verilir, mülki əhaliyə qarşı edilən barbarlıq, insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən danışılır.
Yazıda Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci il oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi bildirilir, ölkəmizin keçdiyi sürətli inkişaf yolundan bəhs olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad